Qarabağın bərpasında türk dövlətlərinin birgə gücü
16 oktyabr 2025
0000
Yılmaz Okuklu, Direktor, Türk Ticarət Mərkəzi
Mən Türkiyə vətəndaşıyam və Okuklu Holdinq olaraq Azərbaycanda fəaliyyət göstəririk. Bizim məqsədimiz Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında ticari əlaqələrin inkişafına dəstək vermək, türk dövlətlərinin şirkətlərinin Azərbaycanda yerləşməsini və istehsal etdikləri məhsulları bu bazarda ən əlverişli şəkildə təqdim etmələrini təmin etməkdir.
Bu gün bu sərgidə özbək qardaşlarımızı dəstəkləmək üçün onların yanındayam. Burada Qarabağın bərpasında istifadə oluna biləcək yüksək keyfiyyətli, münasib qiymətli və innovativ məhsullar təqdim olunur. Məsələn, armatur əvəzinə istifadə oluna biləcək yeni nəsil yüngül, lakin möhkəm materiallar, eləcə də “bazalt pambığı” adlanan daş yunu sərgidə nümayiş etdirilir.
Azərbaycan ilə Türk dünyası arasında Gömrük Birliyi anlaşmasının olması ticarət əlaqələrinin daha intensiv və dinamik şəkildə inkişafına şərait yaradır. Mən arzulayıram ki, Türk dünyasının məhsullarına daha çox diqqət yönəldilsin. Çünki bizim bir ailəmiz var — o da Türk dünyasıdır.
Qarabağın yenidən qurulmasında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gətirilən materialların həm keyfiyyət, həm də qiymət baxımından üstün olacağına inanıram. Bu məhsullar regionun inkişafına və tikinti proseslərinin səmərəliliyinə mühüm töhfə verəcək.
Türk dövlətləri arasında münasibətlərdə böyük canlanma müşahidə olunur. Mən inanıram ki, “Azərbaycan Orta Asiyanın ticarət mərkəzi olacaq” fikri artıq reallığa çevrilir.