Bərpa prosesinə töhfə verən şirkətlər sərgidə bir arada
21 oktyabr 2025
0000
Xətai Həsənov, Promap Group şirkətinin direktoru
Şirkətimiz tikinti və geodeziya xidmətləri göstərir və məhz bu səbəbdən “Rebuild Karabakh” sərgisində iştirak etmək mənim üçün vacib idi. Xaricdə keçirilən geodeziya sərgisindən qayıdan kimi birbaşa Bakı Ekspo Mərkəzinə gəldim və vaxtımı elə tənzimlədim ki, sərgini qaçırmayım.
Hazırda Azərbaycanda tikinti sektorunda yeni bir yüksəliş müşahidə olunur, bu da əsasən Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı layihələrlə bağlıdır. Şirkətimiz həmçinin Qarabağın bərpasına yönəlmiş bir sıra yol və infrastruktur layihələrində iştirak edir.
“Rebuild Karabakh” sərgisi torpaqlarımızın azad edilməsindən sonra artıq beş ildir keçirilir və regiondakı bərpa proseslərinə əhəmiyyətli töhfə verir. Hər il sərgidə azad edilmiş ərazilərin bərpasına cəlb olunan şirkət və təşkilatların sayı artır. Hər yeni iştirakçı özünəməxsus, keyfiyyətli və innovativ yanaşmalarla prosese töhfə verir.
Bu sərgi, həm müasir materiallar, alətlər və avadanlıqların nümayişini təmin edir, həm də uzunmüddətli işgüzar əlaqələrin qurulmasına şərait yaradır.