Vüqar Süleymanov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri
Azərbaycan 2030 - Milli prioritetlərindən biri də “Böyük Qayıdış” layihəsi çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin mina və müharibənin partlayıcı qalıqlarından təmizlənməsidir. Qarabağa təhlükəsiz qayıdış – minatəmizləmə fəaliyyətindən başlayır. Bu məqsədlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) qarşısında duran başlıca hədəfi insanların təhlükəsiz və dayanıqlı qayıdışını təmin etməkdir. Məlum olduğu kimi humanitar minatəmizləmə əməliyyatlarının icrası ilə yanaşı ANAMA partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində də geniş fəaliyyət öhdəliyi daşıyır. Belə ki, Agentlik 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” Rebuild Karabakh 2022 sərgisində Qarabağda ANAMA tərəfindən icra edilən fəaliyyəti əks etdirən elementlər, əməliyyatlar zamanı zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların maketləri nümayiş olunacaqdır. Eləcə də təhlükəli ərazilərin əlamətləri, mina xəbərdaredici işarələr, riskli ərazilərdə davranış qaydaları barədə ziyarətçilər və sərgi iştirakçıları interaktiv sahə vasitəsilə məlumatlandırılacaqlar. Həmçinin, innovativ həllərin, yeni texnologiyaların tətbiqi çərçivəsində ANAMA ərazilərin tədqiqat işlərində dünya təcrübəsində ilk dəfə istifadə olunan dronlarla toplanmış məlumatın “Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı” (RAMS) texnologiyası vasitəsilə emalını təmin edən xüsusi multi sensor cihazlar ilə təchiz olunmuş dronları nümayiş etdirəcək. Ölkəmizin qarşılaşdığı mina probleminin miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda bu kimi ixtisaslaşmış sərgilərin rolu yüksəkdir.
Qarabağda icra edilən minatəmizləmə fəaliyyəti və əlaqələndirilmiş şəkildə aparılan bərpa və yenidənqurma işlərinin gedişatı ilə tanış olmaq məqsədilə Sizləri 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” Rebuild Karabakh 2022 sərgisinə dəvət edirik.