AZİSS və ANQARD: Tikinti sektorunda 10 illik təcrübə və dayanıqlı inkişaf
14 oktyabr 2025
0000
Səməddin İsgəndərov, CEO, AZİSS MMC və ANQARD MMC
Şirkətimiz artıq 10 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərir. Biz bu bazarda ilk yerli istehsalçılardan biri olmuşuq. Məhsullarımız genişləndirilmiş polistirol (penoplast) əsaslı tikinti materiallarından ibarətdir. Hazırda Bakı şəhərində 80-dən çox binanın fasadında bizim istehsal etdiyimiz materiallardan istifadə olunur.
Yeni məhsullarımız arasında bu gün ən çox satılanlardan biri “Termopol” adlanan isti döşəmə üçün izolyasiya materialıdır. Eyni zamanda klassik üslubda dizayn üçün yararlı, səs və istilik izolyasiyası üstünlüklərinə malik, yağışa, küləyə, toza, günəş şüalarına qarşı davamlı, rəngi solmayan və binaya artıq çəki gətirməyən müasir materiallarımız da mövcuddur. Biz istənilən təsviri 3D formatda dekorlu fasad materialı şəklində istehsal edə bilirik.
Keçən il bu sərgidə ilk dəfə iştirak etdik. Həmin vaxt da şirkətimizin müştəri bazası geniş idi, sərgi zamanı onlarla üz-üzə görüşmək fürsəti əldə etdik. Stendimiz, peşəkar təqdimatımız və yanaşmamız mövcud müştərilərimizin bizə daha ciddi etimad göstərməsinə səbəb oldu. Sərgidə iştirak bizim üçün həm də imic gücləndirmə baxımından vacibdir. Keçənilki iştirak sayəsində yeni müştərilər də qazandıq — bizi tanımayanlar sərgidə tanıdılar və əməkdaşlığa maraq göstərdilər. Bu il də həmin tendensiyanı davam etdiririk.
Sərgi çoxsaylı praktik faydalar yaradır. Bu yalnız öz sahəmizlə məhdudlaşmır — burada bazar yeniliklərini öyrənmək, istehsal proseslərini optimallaşdırmaq, avadanlıq təkliflərini qiymətləndirmək üçün geniş imkanlar yaranır. Məsələn, burada avadanlıq satıcıları ilə birbaşa ünsiyyət quraraq daha sərfəli qiymətlər və təkliflər əldə edirik. Hətta ofisimizə lift quraşdırmaq üçün uyğun şirkəti də məhz bu sərgidə tapmışıq.
Eləcə də Gürcüstana məhsul ixrac etdiyimiz müştərimizlə ilk tanışlığımız bu sərgidə olmuşdur. Bu il məqsədimiz yaxın qonşu ölkələrdə potensial müştəriləri məhsullarımızla təmin etmək və ixrac coğrafiyamızı genişləndirməkdir.
Tikinti bazarında bütün şirkətlər bir-biri ilə zəncirvari şəkildə əlaqəlidir. Hər bir sahənin inkişafı digər istiqamətlərin də inkişafını stimullaşdırır. Biz hamımız bu sektoru fərqli tərəflərdən möhkəmləndiririk. Sərgilər bu prosesin mühüm tərkib hissəsidir — onlar sektoru inkişaf etdirir, investorların cəlb edilməsinə, xarici təcrübənin, yeni texnologiyaların və standartların ölkəyə gətirilməsinə şərait yaradır.