Zəyəmdən Qarabağa – tikintidə milli güc
16 oktyabr 2025
0000
Kamran Mürsəlov, Zayam Texnologiya Parkının Layihə və Əsas Şöbəsinin Rəisi
Sərginin ilk günlərindən təəssüratlarım olduqca müsbətdir. Belə sərgilər yerli istehsalın inkişafını stimullaşdırır, şirkətlər arasında əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirir. Biz məhsullarımızı təqdim edir və yeni tərəfdaşlarla birbaşa əlaqə qurmaq imkanı əldə edirik.
Zayam Texnologiya Parkı olaraq artıq beş ildir ki, bu sərgidə iştirak edirik, mənim şəxsi iştirakım isə ikinci ildir. Tədbirin nəticələri çox sevindiricidir – sənaye əməkdaşlıqları genişlənir, yerli və beynəlxalq şirkətlərin marağı artır, birgə layihələr üçün yeni imkanlar yaranır.
Zavodumuz Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşir. Şirkət 1962-ci ildən fəaliyyət göstərir, 2014-cü ildə aparılmış tam yenidənqurmadan sonra texnologiya parkı müasir tələblərə uyğunlaşdırılmışdır. Əsas fəaliyyət istiqamətimiz metal konstruksiyaların emalı və montajı, 2019-cu ildən isə sənaye layihələrinin quraşdırılması və icrasıdır.
Hazırda diqqətimizin mühüm hissəsi Qarabağa yönəlib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində fəal iştirak edirik. Bu, bizim üçün sadəcə istehsal və tikinti deyil, həm də mənəvi məsuliyyətdir.
“Azərsun” və “Asanbül-Bek” MMC-lərin sifarişi ilə Cəbrayılda inşa olunan Alkoqol və İçki Emalı Zavodunun metal konstruksiya və sendviç panellərinin icrasını məhz bizim kollektiv həyata keçirir. Qarabağın dirçəlişində pay sahibi olmaq böyük qürur mənbəyidir.
Bütün uğurlarımız Azərbaycan üçündür. Fəxr edirəm ki, azərbaycanlıyam və ölkəmizin inkişafına az da olsa töhfə verə bilirəmsə, bu, mənim üçün ən böyük uğurdur.