Mahiyəddin Seyidov, Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin müəllimi
- Peşə məktəbində memarlıq dizaynını tədris edirəm. İnşaat sərgisi mənə burada təqdim olunan şirkətlərin məhsulları haqqında bütün lazımi məlumatları əldə etməyə kömək etdi. Məsələn, əlverişli qiymətə yüksək keyfiyyət, davamlılıq, ətraf mühitə uyğunluq və yeniliyi təmin edən sərfəli tikinti materialları haqqında çox şey öyrəndim. Tələbələrlə bölüşəcəyim üçün çox şey var.
Fikrimcə beynəlxalq sərgilər Azərbaycanın mövqeyini dünyada mükəmməl şəkildə tanıdır. Bu sərgilər gələcək əməkdaşlıq üçün şirkət və firmaların axtarışında kömək edirlər. Belə ki, "Rebuild Karabakh" sərgisinin ən maraqlı ekspozisiyaları Qarabağın yenidən qurulmasında iştirak edən şirkətlər tərəfindən təqdim olunur. Füzuli və Cəbrayıldakı yaşayış komplekslərinin maketləri məni heyran etdi. Təsəvvür edirəm ki, bu və digər rayonlar dirçəlişdən sonra necə də gözəl görünəcəklər. Torpaqlarımız işğal altında olarkən mən bölgənin işğaldan sonra necə yenilənəcəyini xəyal edirdim. Sərgidə gördüklərim bütün gözləntilərimi aşdı!
Bu ilin yazında Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Peşə Liseyi binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Mən çox istərdim ki, Mərkəzimiz bu təhsil müəssisəsi ilə yaxından əməkdaşlıq etsin. Bundan əlavə, tələbələrimizi Qarabağ iqtisadi rayonunda yaşayış obyektlərinin və dövlət binalarının tikintisinə cəlb etmək yaxşı olardı.