Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində regionun tikinti sənayesinin ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi başa çatıb.
Layihə çərçivəsində "Rebuild Karabakh" 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" sərgisi keçirilib ki, bu da tədbir iştirakçılarının və qonaqların böyük marağına səbəb olub. Layihənin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti, eləcə də onun bərpası və Qarabağda investisiya layihələrində iştirak üçün təşkilat və müəssisələri cəlb etmək, regionun inkişafında, onun infrastrukturunun bərpasında və mülki təyinatlı obyektlərin tikintisində xarici korporasiyaların iştirakını təmin etməkdir.
Sərginin keçirilmə vaxtı əlamətdar bir tarixə təsadüf edir: bu il ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Bu yubiley tədbirlər proqramında öz əksini tapıb-Bakı Ekspo Mərkəzində Ulu Öndərin Qarabağla bağlı fəaliyyətini əks etdirən stend sərgilənir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçıları qarşısında çıxış edərək, indiki dövrdə Qarabağın genişmiqyaslı yenidən qurulması, bərpası və inkişafı fonunda xüsusilə aktual olan tikinti sektorunun müasir sərgi layihələrinin əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı sərgi iştirakçılarını Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin innovativ inkişafı sahəsində yaradılmış imkanlardan faydalanmağa və öz biznes ideyalarını ümumi məqsəd ətrafında birləşdirməyə çağırdı. İlham Əliyev "Rebuild Karabakh" sərgisinin Qarabağ və Şərqi Zəngəzurda təşəbbüslərin uğurla həyata keçirilməsi və yeni işgüzar əlaqələrin yaradılması üçün sərfəli platforma olacağına əminliyini bildirdi.
Ekspozisiya əvvəlki illərlə müqayisədə xeyli artmışdır: əgər keçən il ekspo mərkəzinin iki zalını tutmuşdusa, bu il üçüncü zal da artıq istifadəyə verilmişdir. Xəzər İnşaat Həftəsi iştirakçılarının ayrı-ayrı stendləri Bakı Ekspo Mərkəzinin açıq meydançasında da nümayiş etdirilib. Tədbirin miqyası Azərbaycan sərgilərinə, layihələrinə beynəlxalq maraq və ölkəmizdə biznesin, investisiya layihələrinin inkişaf perspektivləri ilə müəyyən edilir. Xəzər İnşaat Həftəsi dünyanın bir çox ölkəsindən dörd yüzə yaxın şirkət bir araya gətirib, həm Azərbaycandan, həm də xaricdən minlərlə ziyarətçi cəlb edib, beynəlxalq işgüzar əlaqələri möhkəmləndirən və genişləndirən bir çox peşəkar dialoqları təmin edib.
"Rebuild Karabakh" sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, tikinti, tikinti materialları, kənd təsərrüfatı, dağ-mədən sənayesi, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sahələri əhatə edib.
Bakı Ekspo Mərkəzində Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informasiya stendi yerləşdirilib. Həmçinin "Qarabağ-xalçaçılıq diyarı" guşəsində milli ornamentlərlə zəngin Qarabağ xalçaları təqdim edilib. Bundan başqa, burada sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə "Qarabağ xüsusi uşaqların fırçası ilə" sərgisi keçirilib.
"Rebuild Karabakh" sərgisi 28-ci Azərbaycan Beynəlxalq "İnşaat" sərgisi "BakuBuild", 15-ci Beynəlxalq Yubiley "İstilik, havalandırma, kondisioner, su təchizatı, santexnika və hovuzlar" sərgisi "Aquatherm Baku" və 11-ci Xəzər Beynəlxalq "Yol İnfrastrukturu və ictimai nəqliyyat" sərgisi "Road&Traffic" ilə eyni zamanda keçirilib.
Tədbirə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası (ASK), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), habelə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndələri dəstək göstərir.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları "Caspian Event Organisers" və "Iteca Caspian", eləcə də onların tərəfdaşları "Caspian Event Management" və "ICA Events" şirkətləridir