Valeh Ələsgərov, Ələt Azad İqtisadi Zonasının (AİZ) administrasiyasının rəhbəri
Bu gün 60 hektar ərazi artıq sahibkarlara və investorlara təhvil verilməyə hazırdır. Artıq xarici investorlar tərəfindən qeydiyyata alınmış, ixracyönümlü məhsul istehsal edəcək müəssisələr var. Bizim əsas şərtimiz ən yaxşı beynəlxalq standartlara uyğun olaraq yüksək əlavə dəyərli ixrac məhsulları istehsal edən iş adamları ilə işləməkdir. Belə şirkətlərdən biri bu gün sərgidə iştirak edir – bu, kompozit panellər, eləcə də alüminium təbəqələrdən istifadə edərək panellər istehsal edən "A&S UNION AFEZCO" şirkətidir.
Vacib bir məqamı qeyd edim: bizimlə işləyən şirkətlər yerli müəssisələrin məhsullarından istifadə edirlər. Tezliklə Ələt Azad İqtisadi Zonasında onlarla müəssisə fəaliyyət göstərəcək.
Bu yaxınlarda yük hava limanının tikintisi üçün bir neçə min hektarlıq əlavə ərazinin ayrılması barədə qərar qəbul edilib. Bu hava limanının ətrafında məhsullarının komponentlərini gəmi və ya avtomobil yolu ilə daşıya bilməyən yüksək texnologiya şirkətləri cəmləşəcək. Müəssisənin yaxınlığında hava daşıyıcılarının olması onlar üçün vacibdir.
"BakuBuild" sərgisi mühüm və faydalı tədbirdir və bu tədbir sayəsində bir çox insanlar Azərbaycandakı müəssisələr və perspektiv imkanlarla tanış olurlar. Şirkətimiz üçün ilk növbədə Ələt Azad İqtisadi Zonasında məhsul istehsalçıları vacibdir. Sərgi günlərində şirkətimiz haqqında hər kəsə məlumat verərək ziyarətçilərlə mümkün qədər səmərəli ünsiyyət quracağıq.