Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində regionun tikinti sənayesinin ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi öz işinə başlayıb. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil edir. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutub.
Sərgilərin açılış mərasimində Səməd Bəşirov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin Müavini; Emin Hüseynov, Xüsusi nümayəndə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi; Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi; Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Orxan Məmmədov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri; Zöhrab Qədirov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – (AZPROMO) İçracı Direktorunun müavini; Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri; Məmməd Musayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti; Valeh Ələsgərov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri; Dövlətxan Dövlətxanov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədr müavini; Elbəy Gasımzadə, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri; Edvard Stroon, İCA Qrupunun Direktoru və Fərid Məmmədov, Caspian Event Organisers şirkətinin Baş direktoru iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına məktubu səsləndirildi. “Sizi 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Ötən illərin təcrübəsi göstərir ki, belə sərgilərin təşkili işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası, regional sülh və davamlı inkişaf məqsədinin reallaşması baxımından faydalı olmuşdur. Şübhəsiz ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi üçün mühüm fürsətlər yaradacaqdır.
Bu Sərgi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf edir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında onun misilsiz xidmətləri vardır.”
“Sərgi iştirakçılarını – qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm.
Əminəm ki, “Rebuild Karabakh” Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır.
Bir daha bütün Sərgi iştirakçılarına və ziyarətçilərə işlərində müvəffəqiyyətlər arzulayıram! Qarabağ Azərbaycandır!”.
İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyədən ümumilikdə 390-dən çox şirkət yer alıb. Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunur.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sərgisinin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.
“Rebuild Karabakh” sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə dəvət edir. Sərginin elə əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir.
Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaqdır. Bakı Ekspo Mərkəzində Ulu Öndərin Qarabağla bağlı fəaliyyətini və bu bölgəyə səfərlərini əks etdirən stend nümayiş olunacaqdır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcəkdir.
“Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil edilib.
Bakı Ekspo Mərkəzində Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, "Qarabağ - xalçaçılıq diyarı" guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunur. Bundan əlavə, "Qarabağ fərqlilərin fırçasında" adlı sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi keçiriləcəkdir.
Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir