Bahadır Zeynalov, “Monoart” şirkətinin direktoru:
Mənim şirkətim altı ildir ki, yaşayış binalarının və kiçik ticarət və sənaye obyektlərinin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşır, ona görə də genişmiqyaslı sərgiyə baş çəkmək bizim üçün vacib idi. Biz bazarın yeni məhsulları ilə tanış olmaq, tikinti sənayesinin peşəkar mütəxəssisləri ilə görüşmək üçün buraya gəlmişik.
Əlbəttə ki, sərginin ən mühüm sektorlarından biri Qarabağın bərpasına həsr olunub və bu vəzifə bizim hamımız üçün və Azərbaycan hökuməti üçün ən vacib və təxirəsalınmaz məsələlərdən biridir.
İndiyədək bu regionda dövlət sifarişi ilə iri şirkətlər işləyib, lakin artıq kiçik və orta şirkətlərin tender yolu ilə işə cəlb edilməsi prosesi başladılıb.
Bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdən birində xəstəxana binasının layihələndirilməsi üçün müsabiqə keçirildi, lakin təəssüf ki, bizim orada iştirak etməyə vaxtımız olmadı. İnanıram ki, bizim şirkət bundan sonra özəl sektorda binaların layihələndirilməsi və tikintisini həyata keçirə biləcək, çünki Qarabağda böyük həcmdə işlərin görülməsi gözlənilir.