Xəbərlər

Rebuild Karabakh - Rebuild Karabakh - əbədi yaşa və çiçəklən, əziz Qarabağ!

Rebuild Karabakh - əbədi yaşa və çiçəklən, əziz Qarabağ!

21.10.2022

Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində “2-ci Azərbaycan Beynəlxalq Qarabağın bərpa, yenidənqurma və inkişafı” – “Rebuild Karabakh”, “27-ci Azərbaycan Beynəlxalq İnşaat” – “BakuBuild” və “14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu” – “Aquatherm Baku” sərgilərini birləşdirən “Xəzər İnşaat Həftəsi” başa çatdı.

Xəzər İnşaat Həftəsində dünyanın 16 ölkəsindən 300-dən çox şirkət iştirak etdi.

Əsas tədbir “2-ci Azərbaycan Beynəlxalq Qarabağın bərpa, yenidənqurma və inkişafı” – “Rebuild Karabakh” sərgisi oldu. Üç gün ərzində sərgini Azərbaycanın bütün guşələrindən bir neçə min sakin və yüzlərlə xarici qonaq, sahibkar, jurnalist ziyarət etdi.

Qarabağın taleyinə belə yüksək marağın olması hökumətin və xalqın erməni işğalından azad edilmiş əraziləri tez bir zamanda yenidən qurmaq kimi səmimi istəyindən irəli gəlir. Artıq ikinci ildir ki, dalbadal keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş torpaqların bərpası və yerli və xarici şirkətlərin iştirakı ilə kompleks tədbirlərin həyata keçirilməsi layihələrinin gerçəkləşdirilməsinə dəstək verir.

Azərbaycanda yerli və xarici şirkətləri bu prosesə cəlb etmək üçün hər cür şərait yaradılıb, texnoparklar formalaşdırılıb və onların ilk rezidentləri artıq işləyir, ən müasir layihələr təklif edir və həyata keçirirlər. Tikinti sektorunun bütün sahələrində fəaliyyət göstərən çoxlu sayda şirkətin bu sərgidə iştirak etməsi ölkə iqtisadiyyatının layiqincə inkişaf etdiyini vurğulayır.

Hazırda ölkə rəhbərliyinin nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır.

2022-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan edilib. 2022-ci ilin birinci yarısında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına aid olan əsas kapitala (binaların, infrastrukturun, sənaye obyektlərinin tikintisi) yönəldilmiş investisiyaların ümumi həcmi 1,76 milyard manat təşkil edib.

Qarabağ üçün investisiyaların həcmi xeyli arta bilər. Bu, “Rebuild Karabakh” sərgisinin əsas məqsədidir. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin rəngarəngliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələrin bağlanmasına imkanı verir.

Sərgi bir çox xarici şirkətin Qarabağın inkişafında, infrastrukturun bərpasında, mülki obyektlərin tikintisində iştirak etmək istəyini nümayiş etdirdi. Bu, öz ərazisinin bütövlüyünü qəhrəmancasına müdafiə etmiş, təcavüzkarı öz doğma torpaqlarından qovmuş Azərbaycanın beynəlxalq miqyasda dəstəkləndiyini bir daha sübut edir.

Bu sərgilər Caspian Event Organisers və Iteca Caspian şirkətləri, eləcə də onların tərəfdaşları olan Caspian Event Management, ICA Eurasia, GIMA və digər şirkətlər tərəfindən təşkil olunub.