Xəbərlər

Rebuild Karabakh - Ən vacib vəzifə doğma Qarabağın dirçəlişidir!

Ən vacib vəzifə doğma Qarabağın dirçəlişidir!

20.10.2021

Xəbərlər

20 Oktyabr tarixində coxdan gözlənilən "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisisi Bakı Ekspo Mərkəzində öz işinə başladı. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” sərgisi təşkil edildi.

Sərgilərin açılış mərasimində Azərbaycanın Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, energetika nazirinin müavini Elnur Sultanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və “Caspian Event Organisers” (CEO) şirkətinin regional direktoru Edvard Stroon iştirak ediblər.

Xəzər İnşaat Həftəsinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycanın Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev qeyd edib ki: “Bu günüm ən vacib vəzifəsi Qarabağın bərpası və dirçəlişi, infrastrukturun yenidən qurulması, vətəndaşların bu bölgədə yaşaması üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasıdır. Bu məsələdə dövlət və özəl təşkilat və şirkətlərin birgə fəaliyyəti çox vacibdir. Region iqtisadiyyatının ölkənin vahid iqtisadi sisteminə inteqrasiyası, regional və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın inkişafında yeni bir mərhələdir. Bu formatda Qarabağın inkişafı ilə bağlı 1-ci sərgi və “İnşaat” sərgisinin keçirilməsi yerinə düşüb. Tikinti sektoru ölkənin bütün iqtisadiyyatının inkişafına güclü təkan verə bilər. Əminəm ki, sərgi və onun çərçivəsində aparılan danışıqların və bağlanan sazişlər Qarabağ bölgəsinin bərpası üçün vacib bir platforma olacaq” – deyə nazir müavini vurğulayıb.

Energetika nazirinin müavini Elnur Sultanov Qarabağ bölgəsinin enerji potensialının bərpası üzrə əsas strateji istiqamətlərdən danışıb. Bu layihələrin həyata keçirilməsinə yerli və xarici investorlar cəlb edilir. Məruzəçinin fikrincə, sərgi gələcəkdə Qarabağın bərpasında mühüm yer tuta biləcək əlaqələrin qurulması imkanı yarada bilən məkana çevriləcək.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov qeyd edib ki, təxminən otuz ildir Bakıda keçirilən “İnşaat” sərgisi regionun ən böyük tədbiridir və sənayenin aparıcı iştirakçılarını bir araya gətirir. Bu tədbirin 1-ci “Rebuild Karabakh” sərgisi ilə paralel keçirilməsi sənayenin ən vacib nailiyyətlərinin, müasir texnologiyaların, yanaşmaların və tikinti materiallarının nümayiş olunmasında peşəkar sərgilərin vacibliyini göstərir.

“Caspian Event Organisers” (CEO”) şirkətinin regional direktoru Edvard Stroon sərgi iştirakçılarını və qonaqlarını salamlayıb, Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində əldə olunan inamlı qələbə münasibəti ilə təbrik edib, hər üç layihənin çoxsaylı iştirakçılarına işlərində uğurlar arzulayıb.

30 ildir gözlənilən birinci "Rebuild Karabakh" sərgisini Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi kimi adlanndırmaq olar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində igid Azərbaycan ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir.

Sevindirici haldır ki, sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb etdi. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci "Rebuild Karabakh"sərgisində iştirak edir. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatası dəstəyi ilə təşkil edilib. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.

Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.

Caspian Event Organisers şirkəti və Qarabağ Dirçəliş Fondu arasında imzalanan Anlaşma Memorandumu çox böyük əhəmiyyət kəsb edir. Memoranduma əsasən, "Rebuild Karabakh" sərgisində iştirak edən şirkətlərin qeydiyyat haqlarının bir hissəsi azad edilmiş ərazilərin bərpası üzrə işlərin həyata keçirilməsi üçün Fonda yönləndiriləcək.

"Rebuild Karabakh" sərgisinin proqramına “Azərbaycanda yaradılmış biznes mühiti və investisiya imkanları”; “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı. Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, “Made in Karabakh” əmtəə nişanına dair təqdimatlar”, “Qarabağın enerji potensialı – azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası”; ““Rəqəmsal iqtisadiyyat” mövzusunda təqdimatlar. Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər” mövzularda təqdimatlat daxildir.

Qarabağ Dirçəliş Fondu Qarabağ haqqında "Əvvəl və sonra" adlı fotoşəkillərdən ibarət sərgi təşkil edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dəstəyi ilə sərginin üçüncü günündə foyedə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası mədəni bir proqram təşkil olunub.

Eyni tarixlərdə, 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "BakuBuild 2021" və 13-cü Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" "Aquatherm Baku 2021" sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi başlayıb.

Sərginin təşkilatçıları qismində Caspian Event Organisers və tərəfdaşlar Iteca Caspian, Caspian Event Management FZ-LLC, ICA Eurasia FZ-LLC və s. çıxış edir.

1-ci "Rebuild Karabakh" sərgisi bir çox dövlət qurumlarından dəstək aldı. Sərgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Mənzil İnşaatı Agentliyi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

 


Tərəfdaşlar