Xəbərlər

Rebuild Karabakh - Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb

Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb

11.10.2021

Xəbərlər

8 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu “Caspian Event Organisers” MMC-nin direktoru Fərid Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Expo Mərkəzində keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”  Rebuild Karabakh sərgisində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlərə töhfə vermək məqsədilə “Caspian Event Organisers” sərgidə iştirak edəcək şəxslərin ödəyəcəyi hər qeydiyyat haqqından müəyyən hissəsini Qarabağ Dirçəliş Fonduna ianə edəcək.

Bundan başqa, “Caspian Event Organisers” ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliği məqsədilə Fond haqqında məlumatları sərgi barədə kataloqda, qəzetdə, bukletlərdə, flayerlərdə, roll-aplarda və s. çap materiallarında, veb-saytlarda, xəbərlərdə, sərgi zamanı, sərgiöncəsi və sərgisonrası təqdimatlarda yerləşdirəcək.

Memorandumun şərtlərinə uyğun olaraq, “Caspian Event Organisers” tərəfindən 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”  Rebuild Karabakh sərgisi çərçivəsində QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində sərginin keçirilməsində “Caspian Event Organisers” şirkətinə təşkilati dəstək göstərməyi, ona müraciət etmiş və sərgidə iştirak etmək istəyən şəxsləri  “Caspian Event Organisers” şirkətinə yönəltməyi öhdəsinə götürür.

Bu Anlaşma Memorandumunun imzalanmasının “Caspian Event Organisers” üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən Fərid Məmmədov, hər kəsin işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması və dirçəlişi prosesində iştirak etməsinin önəmini vurğulayıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu nəcib təşəbbüsə görə təşəkkür edərək, yaşadığı yerdən asılı olmayaraq hər bir soydaşımızı Qarabağın dirçəlişi prosesində aktiv iştirak etməyə dəvət edib.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.


Tərəfdaşlar